Yumurtalıqlar - iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər. Uzunluğu 2,5-4 sm, eni

1,5-2 sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməsi və "saxlanması" baş verir. Yumurtalıqlar yumurta hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa başlayırlar. Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından klimaks (ay-başının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400 sayda menstrual tsikl olur. Bunun da nəticəsində o qədər sayda da mayalanma qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.
Bundan başqa, yumurtalıqlar, həmçinin vacib daxili sekresiya üzvlərinə də aid edilir. Belə ki, onlar əsas qadın cinsi hormonlarını estrogenləri də hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperament) inkişaf etmiş olur.
Uşaqlıq cisminin yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq (Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın boşluğuna açılır. Borunun uzunluğu 10-12 sm, boşluğunun diametri isə bir neçə mm olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu kifayət qədər mürəkkəb olur.
Bu borular bir neçə funksiya daşıyırlar. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun ucundakı qıf hissəyə, oradan isə borunun içərisi ilə uşaqlıq boşluğuna ötürürlər.

0 Comments