
ABŞ prezidenti Barak Obamanın 6 il əvvəl Senata seçkilər zamanı həyat yoldaşına xəyanət etdiyi, onun bu əməlinin gizli kameralar tərəfindən qeydə alındığı iddia olunub. Lent.az-ın “National Enquirer” jurnalına istinadən verdiyi məlumata görə, 2004-cü ildə seçki kampaniyası zamanı Barak Obama Afrika əsilli, o zaman 29 yaşı olan Vera Baker adlı bir qadınla eşq yaşayıb.
Jurnal yazıb ki, Barak Obamanın opponentləri bu məsələni ortaya çıxarmaq üçün şahidlərə 1 milyon dollar pul vəd ediblər və sonda Veranı Barak Obamanın olduğu otelə gətirən sürücü də danışıb. Sürücü deyib ki, Barak Obamanın seçki kampaniyasının direktoru olan Veranı axşam saat 22:30 radələrində Vaşinqtondakı “The George” otelinə gətirib. Qadını Barak Obama özü qarşılayıb. Vera oteldə paltarını dəyişib, ancaq o gün Veranın həmin oteldə kirayələdiyi nömrə olmayıb. Vera o gecə oteldən çölə çıxmayıb və Barak Obama ilə birgə oteldə qalıb.
“National Enquirer” iddia edir ki, Barak Obamanın həyat yoldaşına xəyanəti otelin təhlükəsizlik kamerasında saniyə-saniyə görüntülənib. İndi bu görüntülərin ortaya çıxması durumunda Barak Obamanın prezidentliyi böyük təhlükə altına düşəcək. Amerika mətbuatı gündəmə bomba kimi düşən iddiadan sonra yazıb ki, ya “National Enquirer” buna görə məhkəmədə cavab verəcək, ya da Barak Obama “bitəcək”. Barak Obamanın həyat yoldaşı Mişel Obama hələ iddialara münasibət bildirməyib.

0 Comments