
Moskvada Kremlin yaxınlığında Bəxtiyar adlı Dağıstan sakini saxlanılıb. Lent.az-ın “Moskvoskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, o, prezident Dmitri Medvedevlə görüşə gedirmiş.
Qəzet yazır ki, patrul milisi Spasski qapıları yaxınlığında gəzişən şəxsə diqqət yetirib. O, özünü tərbiyəli aparmasına və normal geyinməsinə baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları qabaqlayıcı tədbir kimi onu saxlamaq qərarına gəliblər.
Dağıstanlı milis əməkdaşları ilə söhbəti zamanı bildirib ki, prezident Dmitri Medvedevlə görüşə tələsir və ölkə başçısı ilə ciddi söhbət etmək niyyətindədir. Bəxtiyar etiraf edib ki, Dmitri Medvedevin qızına elçiliyə gəlib.
Maraqlıdır ki, Dmitri Medvedevin qızı yoxdur. Onun 1996-cı il təvəllüdlü İlya adlı oğlu var.
Bəxtiyarın versiyası milisdə onun əqli sağlamlığına şübhə yaradıb. Dağıstan sakini psixiatrik müəssisələrdən birinə göndərilib.
Məlum olub ki, Bəxtiyar Moskvaya 2 il əvvəl gəlib və kran operatoru işinə düzəlib. Amma böhranla bağlı tikinti dayandırılıb və dağıstanlı işini itirib. O, Rusiya prezidenti ilə qohum olaraq maddi vəziyyətini düzəltməyə çalışırmış...

0 Comments