
Dünyaca məşhur BBC korporasiyasına daxil olan “Lonely Planet” jurnalı dünyanın ən əyləncəli gecə həyatına malik şəhərlərinin reytinq cədvəlini hazırlayıb. Müsəlman ölkələrindən ilk dəfə olaraq siyahıya Azərbaycanın paytaxtı Bakı da düşüb. Jurnalın ekspertləri bunu sürpriz hesab etmirlər.
“Lonely Planet” yazır ki, Bakı özünün gecə barları, gecə klubları və dəbdəbəli restoranları, lüks sayıla bilən digər dəbdəbəli əyləncə məkanları ilə əcnəbi qonaqları cəlb edir. Bunun ən böyük səbəbi isə bu tipli məkanlarda hər cür əyləncənin olmasıdır. Jurnalın ilk onluğunda birinci yeri Serbiyanın paytaxtı Belqrad tutur, səkkizinci yerdə isə Bakıdır. Jurnalın ekspertləri Bakının gecə həyatına görə Dubayla yarışdığını da xüsusi vurğulayıblar.
Ünlü nəşrin yazdıqlarını araşdırmaq üçün Bakıdakı gecə klublarından bir neçəsinə baş çəkdik. Bir qədər qabağa qaçıb deyək ki, orada gördüklərimizdən gəldiyimiz qənaət belə oldu: Bakıda yerüstü həyat həqiqətən də axşam düşdükcə yerin altına keçir, zirzəmilərdə yerləşən disko-barlarda, gecə klublarında qaynamağa başlayır.
“Qladiator”un bahalı sauna və taksi xidmətləri
Paytaxtdakı barların əksəriyyəti şəhərin mərkəzində, əsasən də metronun “28 may” və “Sahil” stansiyalarının ətrafında yerləşdiyindən araşdırmamızı buradakı bir neçə əyləncə məkanına baş çəkməklə başladıq. Rəşid Behbudov küçəsindəki “Qladiator” disko-klubuna güclü cinsin nümayəndələrinə giriş 2 manatdır. Pəzəvəng mühafizəçi qapının ağzındaca yolumuzu kəsir və adama 2 manatımızı alıb bizi içəri ötürür. Qarderobda gödəkcələrimizi təhvil verib zala keçməyimizi məsləhət görür. Buna görə də hərəmizdən 1 manat alırlar.
Olduqca gurultulu musiqinin səsləndiyi salona daxil oluruq. İçəridə xəfədir, adam boğulur. Nəfəskəsən siqaret tüstüsünə bürünmüş salonda masaya əyləşməmiş yaraşıqlı ofisiant qızlardan biri başımızın üstünü kəsdirir:
- İki nəfərsiniz?
- Bilmək olmaz, bəlkə dörd olduq.
- Nə istəyirsiniz?
- Ağ və ya qara nəyiniz var?
- Sənə nə lazımdırsa var... Nə çəkirsən? Ver mən də çəkim.
- Bu xalqın dərdini...
- Qulaq as, xalqın dərdini çəkənlər buralarda olmur, sənə nə lazımdır, onu de.
- Hələlik pivə gətir, sonrasına baxarıq.
Bu söhbətə kimi DJ-in arda-arda səsləndirdiyi mahnılara oynayan mini yubkalı qızlardan biri masamıza yaxınlaşıb oturdu. İçdiyimiz “Efes” pivəsinin dəmir bankasına kinayə ilə baxıb rusca “A pivku ne zakajete?” (“Bəs pivə sifariş etməyəcəksiniz?”) deyə həmkarım Fərahimə sual etdi. Gözlərini bərəldib sifətimə baxan Fərahimin əvəzinə “zakajite, çeqo xotite” (“Nə istəyirsiniz, sifariş edin”) desəm də həmkarımın ayağıma vurduğu təpik məni ayıltdı.
Ofisiantı çağırıb bu qıza da “Efes” pivəsi gətirməsini xahiş edirəm. Fərahimin “rəis, neyləyirsən, 50-cə manat pulumuz var eee...” deməsini də qulaqardına vurub özünü Elnarə kimi təqdim edən bu xanımla yarırusca-yarıazərbaycanca həyatdan danışmağa başlayıram. 20 yaşlı bu qızcığazın danışığından anlaşılır ki, bir neçə illik bar həyatı təcrübəsi var: “Vidno vı” ayda-ildə bir dəfə “v bar zaxodite” (“Görünür, siz ayda-ildə bir dəfə bara gedirsiniz”). Bunu haradan bildiyini soruşuruq. Elnarənin cavabı gülüşümüzə səbəb olur. Qız deyir ki, Fərahimin mənim ayağıma vurduğu təpiklərdən biri onun da ayağına dəyib. Vəziyyətdən çıxmaq üçün “biz adətən restorana gedirik, bara ara-sıra gəlirik” deyib Elnarəni rəqsə dəvət edirəm.
“Nəyi istəyirsiniz, kimi istəyirsiniz, deyin, təşkil edək”
Bir neçə dəqiqə atılıb-düşəndən sonra yenidən masa arxasına qayıdırıq. Elnarəyə ikinci pivəni sifariş verəndə o, bir qədər əvvəl ofisiantın verdiyi sualı təkrarlayır. Bara kiminsə oynamağa gəlib-gəlmədiyini soruşanda istehza ilə gülür və dərhal “biznes xitməti”ni təklif edir: “Gedəcək yeriniz yoxdursa, biz təşkil edərik. Bir saatı 50 manata bardan çıxıram, 15 manat taksi, 20 manat da saunadır. Baxın, əgər istəsəniz, mən buradayam”. Ona “hələlik buralarda ol” deyib aradan çıxırıq.
Buradakı qiymətlərdən də danışaq. “Qladiator” disko-barında qələbəlik idi. Baxmayaraq ki, burada qiymətlər od tutub yanır, bəlkə də Dubayın, Türkiyənin məşhur otellərinin qiymətlərini kölgədə qoyur. 2 stəkan “Coca-Cola”, yanında da adi cipsi burada bizə 5 manata başa gəldi. Barın vitrinindəki müxtəlif cür spirtli içkilərin dadına baxmaq alın təri ilə pul qazanan hər oğlanın işi deyil. Mağazalarda 1 manata satılan yerli “Xırdalan”, “33 Export” pivələrini bu barda müştərilərə 4 manata sırıyırdılar. Ofisiant xanım “nəyiniz var” sualımıza “gözünüzün qabağındadır, nəyi istəyirsiniz, kimi istəyirsiniz, deyin, təşkil edək” cavabını verdi. Buradakı “istirahət” qiymətləri də bir qədər fərqlidir. Bir nəfər üçün minimum xərclik 80 manatdır.
"+18" yazılan "Enigma"da 14 yaşlı qızlar qaynaşır“Qladiator”dan ayrılıb Rəşid Behbudov küçəsində yerləşən digər bir əyləncə mərkəzinə üz tuturuq. Barın girişinə “Enigma disko-klub - Vüqar” yazılmışdı. Bu obyektin adındakı “Vüqar” sözünün nə demək olduğunu sonra öyrənəcəkdik.
Hələliksə adambaşına yenə 2 manat verib içəri keçirik. Bu disko-klub digər barlardan fərqli olaraq gündüzlər restoran kimi fəaliyyət göstərir. Amma əyləncə məkanında əsl həyat hava qaralandan sonra başlayır. +18-in, mənası sadədir, yəni 18 yaşından aşağı olan şəxslərin girişi qadağandır. Bu şərtin yazıldığı elanla işləyən bu barda 14-15 yaşlı ofisiant qızlar çalışır.
Gecəyarı olmasına baxmayaraq klubda iynə atsaydın, yerə düşməzdi. Mahnı sifarişçiləri tez-tez mübahisə edir. Diskoteka mahnıları toy musiqiləri ilə əvəzlənəndə isə rəqs meydançasında heç kəs tapılmırdı. Sonya adlı ofisiant qız bunun səbəbini belə izah etdi: “Bəyəm Vüqar pul qazanmamalıdır? Kim istəyirsə, iki manatından keçsin, ”zakaz" verib oynasın".
Aydındır, deməli, barın adındakı “Vüqar” sözü DY-in adından götürülüb. Bu barda əlavə kiçik otaqlar da var idi. Ofisiant qızlardan biri ilə söhbət zamanı öyrəndik ki, adətən imkanlı şəxslər bu tipli kabinetlərdə dincəlmək istəyir. Masajçı qızlardan, rəqqasələrdən tutmuş hər cür əyləncənin təqdim olunduğu otaqların qiyməti isə bir saat üçün 60-80 manat arasında idi. Bu barda da müştəriləri məmnun etmək üçün sauna və taksi xidmətləri var. Bir sözlə, pulunu ödə, həyatın dadını çıxar.
Barın çıxışında Elşad adlı taksi sürücüsünə yaxınlaşıb özümüzü saunaya gedən müştərilər kimi təqdim edirik və onu söhbətə çəkirik. Onun söhbəti maraqlı idi: “Milyonerlər buralara "redki" gəlirlər. Çox vaxt öz adamlarını göndərirlər. Gəlib tanış olduqlarını götürüb aparıb gedirlər. Onların da öz şəxsi maşını olur. Barları isə taksi sürücüləri özləri monopoliya altına alır. Mən bir başqa gecə klubunun qarşısından müştəri götürə bilmərəm. Barlar üçün işləyən taksilərin hamısı obyekt yiyəsinə gündəlik “haqq” verir. Elə ona görə də qiymətlər baha olur. Müştəri apardığımız yerlər isə əsasən sauna və otellərdir".
Nazirliklərin əhatəsindəki bar
Zərifə Əliyeva küçəsi, 26 ünvanında yerləşən “Mix-club”un adı əvvəllər “Avropa disko-klub” idi. Bu barda kontingent bir qədər fərqlidir. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 1 saylı poliklinikasının zirzəmisində yerləşən “Mix-club”la üzbəüzdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, sağ tərəfində isə Dövlət Sərhəd Xidmətinin əsas binası yerləşir. Əsasən xaricilərin üz tutduğu bu disko-kluba girmək istəyənlər adambaşına 3 manatından keçməlidir. Xaricilər üçün isə bu qiymət 20-40 dollar arasında dəyişir.
Barda ofisiantdan tutmuş ta barmenə qədər bütün xidmət personalının əməkdaşları yalnız qızlardır. Müştərilərdən minbir yolla pul qoparmağa çalışan qızlar bir viskinin pulunu qoparmamış əl çəkmirlər.
Adətən kənd toylarında görməyə alışdığımız mahnı üstündə mübahisələr isə burada da tez-tez olur. Mahnı sifarişi üstündə mübahisə edən iki gəncin söhbəti dava ilə nəticələndi. Bardakı mühafizəçilər bir anın içində mübahisə tərəflərini zərərsizləşdirdi.
“Əgər ürəyiniz sıxılırsa, yaxınlıqda Çin masaj salonumuz var. Problemsiz yerdir. Əla dincəlmək üçün oradan yaxşı yer tapa bilməyəcəksiniz. Tolstoy küçəsində yerləşir, adı da "Çin masaj salonu"dur. Masajçı qızlar 18-25 yaş arasındadır. 1 saatlıq masaj xidməti 20 manat, 45 dəqiqə 15 manat, yarım saatı isə 10 manatdır". Bunu isə bizə barda maklerliklə məşğul olan Gülya adlı 30-35 yaşlı bir qadın deyir.
“Atam döydü, mən də evdən qaçıb bar qızı oldum”
Ümumiyyətlə, Bakıdakı barların çoxunda azyaşlı qızlar xidmət göstərir. Barların əksəriyyətini çəkinmədən əxlaqsızlıq yuvası adlandırmaq olar. Rəşid Behbudov küçəsindəki “Relax” barı da bu kateqoriyaya aid əyləncə yerlərindəndir. Burada digər barlardan fərqli olaraq taksi və sauna xərclərinə lüzum yoxdur. Çünki burada ayrıca masaj otaqları var. Barın qapısı isə taybatay açıqdır.
Müştəri tanış olduğu bar xanımı ilə istirahət otağına getmək üçün pulu bir kənarda oturmuş orta yaşlı xanıma ödəyir. Əvəzində çekə oxşar kağız parçasını alıb qıza verirsən. Bir sözlə, həmin obyektdə insan alverinin leqal formasını görmək olar.
Burada bir qızı söhbətə çəkə bilirik. Gəncədən qaçaraq Bakıya gəldiyini söyləyən Bəyim 1 illik ailə həyatından sonra ərindən ayrıldığını deyir. Əlavə edir ki, ata evinə qayıdandan sonra atası içib onu hər gün döyürmüş. Axırda dözə bilməyərək evdən qaçıb. Bakıda iş tapmadığından “gecə pərvanə”sinə çevrilib: “Biz işləyirik, pulu bunlar qazanır. Hər müştəriyə görə bizə 10 manat verirlər. Masaja lazım olan kremi və başqa şeyləri də özümüz alırıq”.
***
Bir gecə Bakı barlarındakı səs-küyün, şərab və şəhvət qoxulu tüstü-dumanın içində oturub gördüklərimizin, eşitdiklərimizin sonunda belə qənaətə gəldik ki, “Lonely Planet”in ekspertləri Bakını 8-ci yerə layiq görməkdə çox ciddi səhvə yol veriblər. Bakının gecə həyatı hətta birinci yerə layiqdir. İnanmayanlar bir aylıq maaşını götürüb bir gecəliyə bara getsin...
Fərahim İLQAROĞLU, E.QƏDİMOV

0 Comments