Subscribe Us

Səhnədə çılpaq soyunan ilk aktrisa olmağımdan peşman deyiləm

“Gecə yarı” proqramının aparıcısı Zümrüd Qasımova ana olmağa hazırlaşırZümrüd_Bəxtiyar

“Həyat yoldaşımı əldə etmək üçün 8 ay onun arxasınca gəzmişəm”


Lent.az-ın növbəti müsahibi Zümrüd Qasımovadır. O, 2001-ci ildən “Yuğ” Dövlət Teatrında aktrisa kimi çalışmağa başlayıb. 15-dən çox qısametrajlı filmdə çəkilib. Kinoda ən böyük işi Şamil Nəcəfzadənin “Qala” filmi olub. Lakin daha çox teatr səhnəsində soyunan aktrisa kimi yadda qalıb.
Televiziya karyerasına 2003-cü ildən başlasa da, daha çox 2007-ci ildən “Gecə Yarı” verilişinin aparıcısı kimi geniş ictimaiyyətin diqqətində olub. Qısa vaxta qədər subay idi. Ancaq hazırda subay deyil, ana olmağa hazırlaşır. Həmsöhbətimiz yaxınlarda Misirdən səfərdən qayıdıb.

- Gəl, əvvəlcə səfər təəssüratlarını öyrənək görək, Misirdən beynəlxalq festivaldan gəlmisən, səfərin necə keçib?

- Bu beynəlxalq festivalda 34 ölkənin teatrı iştirak edirdi. Biz də, yəni “Yuğ” teatrının kollektivi də tədbirə qatılmışdı. İki tamaşa aparmışdıq, çox gözəl keçdi. Başqa kollektivlərdən fərqli olaraq, tamaşaçılar bizim çıxışımızı axıra qədər izlədilər.

- Zümrüd hansı təəssüratlar gözəldir, aktrisanın hissləri sənə doğmadır, yoxsa teleaparıcı kimi özünü xoşbəxt hiss edirsən?

- İkisini də çox sevirəm. Teatr daha çətindir, televiziyada tək kamera var. Çıxırsan danışırsan, lakin onu da geniş kütlə izləyir.

- Bizim tamaşaçılar sevdikləri aktrisaya yox, sevdiklərin fərdin oynadığı rollara baxmağı sevirlər. Misal üçün, sən istedadlı aktrisa ola bilərsən, əgər özünü insan, fərd kimi təsdiqləyə bilməmisənsə, düşünürəm ki, tamaşana baxmağa gələnlərin də sayı az olacaq. Mənə elə gəlir ki, hazırda vəziyyət belədir...

- ... sənə maraqlıdır ki, mən sevilirəm yoxsa yox? Teatr çox balaca bir məkandır. Əvvəlki kimi maraq yoxdur. Bu qədər kanal, televiziya var. Çox az bilet satılır. Aktrisa üçün tanınmaq, sevilmək üçün nə qalır? Filmlərə çəkilmək. Bu da ildə bir dəfə baş verir.

- Mənə elə gəlir ki, bu addımı populyarlıq qazanmaq üçün atmısan. Aktrisa kimi ola bilsin ki, səni az kütlə tanıyacaqdı. Lakin aparıcı kimi populyar ola bildin.

- Bizdə teatr deyil, bir ailə var. Mən 18 yaşımdan orada işləyirəm. Aktrisa kimi tanınmamışdım. Amma hər halda efirə baxanda aktrisa olduğumu artıq çoxu bilirdi.

- Yeri gəlmişkən, səni teatr məkanında soyunan ilk aktrisa kimi tanıyan az deyildi.

- Bəli, bu olmuşdu.

- Bu nə idi, şou?

- Mənə o rolu təklif edəndə 18 yaşım var idi. 10 il öncə baş vermişdi. Çoxu deyirdi ki, məni qəbul etməyəcəklər. Bu, mənim sənətim idi, etdim. Bugünkü gündə də peşman deyiləm. Nəyə görə, dünya ulduzları bunu edə bilər, biz yox? Mən bunu edəndə gözlədiyim təpki ilə rastlaşmadım, düzdü, etiraz edənlər də oldu, lakin o qədər də böyük faciə olmadı. Elə bil ki, cəmiyyət buna hazır idi.

- Nə qədər pul aldın?

- Teatrda pul? Bu tamaşada rol idi. Bilirsən ki, teatrda pul olmur.

- Mən fikirləşdim ki, bu rol üçün qonorar ala bilərsən.

- O tamaşa mənim həyatımda çox böyük rol oynadı. Əvvəl məndə kompleks var idi. Məni o aktrisa kim qəbul edəcəklər. Lakin zaman keçdi, mən özümü təsdiqlədim. İlyas Əfəndiyevdən Nargiləni canlandırdım, Çexovun əsərinə qoyulan tamaşada oynadım. Amma o ampluada qaldım. Həyatda cins şalvarda, “krossovka”da gəzən insanam.

- Hələ də səni tamaşada soyunan aktrisa kimi xatırlamaqdadırlar.

- Çox heyf ki, belədir.

- İndi də yəqin toy səsi gəlməmiş övlad xəbəri verən aktrisa kimi xatırlayacaqlar.

- (Gülür). Düzdü, toy olmadı. Lakin kəbin kağızımız var. Təmtəraq olmadı.

- Niyə?

- Mənim üçün əsas odur ki, sevdiyim insan yanımda olsun. Elə həyat ola bilər ki, deyərsən, kaş o gəlinliyi geyinməzdim, tutub oğlanın əlindən gedərdim. Mənim üçün əsas ana olmaq, ailə sahibi olmaqdır.

- Yeri gəlmişkən, axı sən daha əvvəl yaşca özündən böyük olan bir şəxslə birlikdə olduğunu demişdin.

- Belə deyək də, o mənim birinci həyat yoldaşım idi.

- Bu dəfə ictimaiyyəti inandırmaq, qəbul etdirmək asan olacaq?

- İnanırsan, mənə maraqlı deyil... Əvvəllər mən “Gecəyarı” verilişini aparırdım. İnternet forumlarda özüm haqqında xəbərləri oxuyurdum. Hamı mənim qısa yubkamdan danışırdı. Lakin mən elə mövzular qoyurdum, ki diqqəti cəlb edə bilərdi. Elə insanlarla internatlarda, yataq xəstələri ilə tanış olub dostlaşmışdım... Bu barədə yazan, danışan yox idi.

- Deməli, sən lazım olmayan elementlərlə insanları əsas məqsəddən yayındıra bilmisən, bunun günahı insanlarda deyil.

- Razıyam. Əslində mən həyatda tamam fərqli geyinirəm. Efirə çıxanda məndə o kompleks yaranmır. Mən özümü elə rahat hiss edirdim, tamaşaçılar da o cür qəbul edirdilər. Bir şey də var ki, bu qədər teatr, aktrisa var, mən heç vaxt onlardan biri olmamışam. Bundan sonra belə olmayacaq.

- Bundan sonra necə olacaq?

- Artıq bezmişəm, ailə istəyirəm. Mən sənətimi çox sevirəm. Lakin sənətə qiymət yoxdur. Aktrisa adi insandan seçilmir. Mən axı göz önündəyəm, daha yaxşı geyinməliyəm. Əgər mən yüz manat maaş alıramsa, bunun içində qazancdan çox xərc varsa... Şükür Allaha, qarşıma elə bir insan çıxdı ki...

-... qarşına pulu olan, sənə yüz manatdan çox xərclik verən həyat yoldaşı çıxdı?

- Mən onun az puluna da qane olaram.


- Sən ona ərə getməklə kasıb aktrisa olmağa qərar verdin?

- Yox, şükür Allaha, onun imkanı yaxşıdır. Bir də mən artıq tək deyiləm, ailəm var, ailəm üçün yaşayıram. Nə olsun aktrisayam, aktrisalıq qaldı keçmişdə.

- Sənə bir sual: Sənət aləmi nə itirəcək?

- (Gülür). Gözəl sualdı. Heç nə itirməyəcək. O qədər aktrisa gəlib gedəcək bu sənətdən... Heç olmasa, öləndə məni basdırmağa övladım olsun. O qədər aktrisa var ki, hər şeyləri var, kişilər ayaqlarının altında gül-çiçək atır, lakin övladları yoxdur. Gələcəkləri yoxdur.

-O qədər də “ailə qurub sənətdən uzaqlaşıram” deyib, bir-iki ildən sonra boşanıb gələnlər var...

- Əslində, bu hamının həyatında baş verə bilər. Aktrisa da insandır.
- Aktrisa ictimaiyyətə xidmət yolunu seçən, adi insanlardan seçilən peşə sahibidir. Onlar daha diqqətli olmalıdırlar. Evdar xanım Gülbahar təkcə həyat yoldaşına hesabat verir, Zümrüd Qasımova isə ictimaiyyətə...

- Sənət adamının, ümumiyyətlə gərək həyatı gizli qalsın.

- Bundan sonra aktrisa və teleaparıcı Zümrüd Qasımova ev xanımı olacaq?

- Sənət məni xoşbəxt etmədi. Çox sevirdim teatrı... sevdiyim zamanlar arxada qaldı. Kimin üçün oynayıram, kimə xidmət edirəm?

- Bu müsahibədən bir-iki ay sonra zəng vurub maraqlanacağam, görüm həqiqətən də bu belədir, yoxsa yox?

- İnşallah, həyatımda heç bir şey dəyişməz.

- Bəlkə bizimlə indi söhbət zamanı yanaşı oturan həyat yoldaşın haqqında məlumat verəsən?

- Dövlət işində işləyir. Foto çəkdirməyin tərəfdarı deyil.(Gülür) Adı Nazimdir. Həyat yoldaşımı əldə etmək üçün çox əziyyət çəkmişəm. Düz səkkiz ay onun arxasınca gəzmişəm. O mənim yox, mən onun dalınca düşmüşəm. Özümü qəbul etdirənə qədər xeyli vaxt sərf elədim.

- Təsadüfən evinə gül yollamamısan?

- Yox. Bir dəfə verilişdə çox kefsiz idim, prodüserim Şahin Nur mikrofonla qulağıma deyir ki, mənə gül gəlib. Bu o idi, mənə gül yollayan... Çox xoşbəxtəm. Bütün qadınlara arzu edirəm...
Leyla

Post a Comment

0 Comments