
Azərbaycanda qadınların nikah yaşı artırılacaq. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Komitə sədri deyib ki, bu məqsədlə Milli Məclisin payız sessiyasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub. H. Rəcəblinin sözlərinə görə, Ailə Məcəlləsində qadınların nikaha daxil olmaq üçün yaş həddi 17-dən 18-ə qaldırılacaq: “İndi bu məsələ çox ciddi müzakirə olunur. Qızlar ailə qurmağa həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalıdırlar. Qadınlar ailənin bünövrəsidir”.
H. Rəcəbli deyib ki, qanunvericilikdə 17 və 16 yaşında qızların ailə qurmasına da istisna hallarda icazənin verilməsi nəzərdə tutulacaq: “17 yaşında qızların nikaha daxil olmasına istisna hallarda icazə veriləcək. 16 yaşlı qızların ailə qurmasına isə ancaq bir halda – onlarda hamiləlik baş verdikdə icazə veriləcək”.
Komitə sədri Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdən daha birinin nikaha daxil olma zamanı sağlamlıq haqında arayışın tələb edilməsi ilə bağlı olacağını deyib: “Ancaq sağlamlıq arayışının hansı xəstəliklərə görə tələb olunacağı müəyyənləşdirilməlidir”.

0 Comments