Subscribe Us

Hadisəyə bizdən əxlaqsız təklif

hadiseTürkiyənin “Posta” qəzeti yazır ki, “Gözəl müğənni Hadisəyə Bakıda nazir oğlu əxlaqsız təklif edib və buna görə də müğənninin əhvalı pozulub”. Bu xəbər bomba kimi partlayıb, amma bilmirəm niyə. Nə həmin nazir oğlunun hərəkətində qeyri-adilik var, nə də Hadisənin. Hadisəni hamı tanıyır. Azərbaycandakı manıslar kimi Hadisə də Türkiyədə məşhurdur. Həm də təkcə oxumağına görə yox. Az yaşında bir neçə sevgilisi olub. Gah  hansısa futbolçu ilə, gah da Sezen Aksunun oğlu ilə sevişdiyini yazırlar.

Necə deyərlər, əsl “sənətkardır”. Bakıya gələndə də özəl bir dəvətlə gəldiyini demişdi. Türkiyə qəzeti də xəbəri elə manşetə çıxarıb ki, guya həmin nazir oğlundan əxlaqsız təklif gəlməsi Günəşin tutulması kimi nadir hadisələrdəndir. Burda nə var ki, qeyri-adi? Nazir balası kef edər də. Bəs o qədər pulu hara xərcləsin? Qızıl telefon əlində, "Bently" həyətində, kredit kartı da ki, bir deyil, iki deyil. Təkcə Hadisə yoxdur, o da öz ayağı ilə gəlib çıxıb. Daha nə təklif edəsi idi? Milli Kitabxanaya kitab oxumağa dəvət etməyəcəkdi ki? Hadisə də belə imkanı nahaq əldən verib. Əgər görüşmək istəmirdisə, gərək canlı yayımda bir marafon keçirib rəqs edəydi və onda görərdi Azərbaycandan onun bank hesabına nə qədər pullar axacaq.

Biri Ebru Gündeşə xərcləyir, bir başqası Ebru Polada, o birilərin də özünün milli “Pişiy”i- zadı var. Bəs nə? Sonra da beynəlxalq təşkilatları qınayırıq ki, bir milyon qaçqın-köçkünümüzə yardım etmirsiz, torpaqlarımızın işğaldan azad olunmasında kömək göstərmirsiz.

Bu Türkiyə mətbuatına da deyən yoxdur ki, haram pulla böyüyən, kasıb-kusubun göz yaşı ilə islanmış çörək yeyən adamdan Siz məgər əxlaqlı təklif gözləyirdiniz? Bu ölkədə minlərlə uşaq var ki, talassemiyadan, böyrək çatışmazlığından, qaraciyər serrozundan, ilflicdən və s. Azərbaycanda müalicəsi mümkün olmayan ağır xəstəliklərdən əziyyət çəkir. Amma bu ölkədə elə yüzlərlə insan da var ki, həmin xəstə uşaqlarla həmyaşıd olan övladına hər gün haram yedirir, düşünmür ki, bu haramın qarşılığını bir gün Allah dərgahında baha ödəməli olacaq. Cəhənnəm odunun istisi haram yeyənləri yandıranda bu dünyanın 40 dərəcə istisinə dözə bilməyib kondisionerin pultu əlindən düşməyənlər nə edəcək bəs?

Adam sevdiyi övladına haram yedirib onun cəhənnəm odunda yanmasını bu qədər çox arzulayarmı?

Qəlbini şeytana verib çılpaqlaşan gözəllərin göbəyinə, əndamına pulu dəstə ilə basan adamlar kaş ki, bu vətənin övladlarının daha gözəl təhsil alması, daha sağlam böyüməsi üçün çalışardılar. Haram yesələr belə, bir körpənin əməliyyat xərcini qarşılayıb savab sahibi olardılar ki, bəlkə o dünyada da Allah onların günahından keçərdi.

Görün necə gözəl olardı, açardıq bir gün Türkiyənin “Posta” qəzetini və oxuyardıq: “Adı gizli saxlanan Azərbaycanlı nazirin gənc oğlu böyrək çatışmazlığından əziyyət çəkən qızı əməliyyat etdirdi”. Gözəl olardı. Neçə-neçə insan o nazirin və oğlunun bütün günahlarının bağışlanması üçün dua edərdi, indiki kimi söyüş və qarğış yağdırmazdılar. Amma təəssüf ki, bizim zənginlərin  əksəriyyəti savaba deyil, günaha meyllidir. Nəticəsi də bax belə biabırçılıqdır.

O adamın özü indi heç xəcalət də çəkmir, əksinə dost-tanışa bəlkə də öz “qəhrəmanlığından” danışır, amma Azərbaycanın imicini düşünənlər üçün bu hadisə çox utandırıcıdır. Ona görə də bu gün hər bir vətəndaşın ürəyindən ancaq bu sözlər keçir: Azərbaycanın adını rüsvay edənlərə ayıb olsun!

Qaynar.info

Post a Comment

0 Comments